Azərbaycandan İrana keçmək istəyən qanunsuz miqrantlar yaxalandı

Azərbaycan sərhədçiləri Orta Asiya ölkələrinin vətəndaşları olan 6 nəfər qanunsuz miqrantın dövlət sərhədini pozmaqla İran ərazisinə keç­mək cəhdinin qarşısını alıb.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, fevralın 17-də Horadiz sərhəd dəstəsinin Füzuli rayonunun Kərimbəyli kəndinin xidməti ərazisində yerləşən sərhəd zasta­vasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Azərbay­candan İran istiqamətində naməlum şəxslərin ayaq izləri aşkar olunub.

 

Dərhal həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində 5 nəfər sərhəd pozucusu saxlanılıb. Sərhəd pozucularının şəxsiyyəti dəqiqləşdirilib, onlardan 4 nəfər qa­dının Özbəkistan vətəndaşı və 1 nəfərin onlara bələdçilik edən Azərbaycan vətəndaşı olmaları müəyyən edilib.

 

Elə həmin gün Göytəpə sərhəd dəstəsinin Yardımlı rayonu Deman kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Azərbaycandan İran isti­qamətində dövlət sərhədini pozmağa cəhd edərkən 1 nəfər Özbəkistan və 1 nəfər Qırğızıstan vətəndaşı olan qadınlar saxla­nılıb.

 

16 və 17 fevral tarixlərində isə DSX Sahil Mühafizəsinin xidməti ərazisində Lənkəran rayonunun Balıqçılar qəsəbəsi istiqamə­tində qaçaqmal yolu ilə ölkə ərazisindən dəniz vasitəsilə çıxarıl­ması üçün hazırlanaraq sahildən 150 metr məsafədə su sət­hin­də və kolluqlarda 39 qutuda 470 ədəd əksəriy­yəti 1 litrlik şüşə qablarda alko­qol içkiləri aşkar olunaraq götürül­üb.

 

Qeyd olunan faktlar üzrə cinayət işləri başlanıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

 

Müəllif | Apa.Tv
Nigar Həsənli