Bakıda MDB ölkələrinin beynəlxalq seminarı keçirilir
Bu gün Bakıda Hesablama Palatasının təşkilatçılığı ilə "Ali Maliyyə Nəzarəti Orqanlarının (AMNO) fəaliyyətində səmərəliliyin qiymətləndirilməsi təcrübəsində keyfiyyət göstəricilərinin əhəmiyyəti" mövzusunda seminar işə başlayıb.
APA TV-nin xəbərinə görə, Azərbaycan Hesablama Palatasının sədrliyi ilə iki gün davam edəcək seminarda Rusiyanın Hesablama Palatasının, Belarusun Dövlət Nəzarət Komitəsinin, Qazaxıstanın Dövlət büdcəsinin icrasına nəzarət üzrə Hesablama Komitəsinin və Qırğızıstan Hesablama Palatasının nümayəndə heyətləri iştirak edirlər.
Azərbaycan Hesablama Palatasının auditi Firsənd Qurbanov bildirib ki, tədbirdə iştirakçı qurumların nümayəndə heyətlərinin mövzu üzrə məruzələri dinləniləcək, müzakirələr aparılacaq: "Burada təkcə biz öz təcrübəmiz barədə yox, o cümlədən burada iştirak edən Rusiya Federasiyası, Qazaxıstan, Qırğızıstan, Belarus nümayəndələri də bu barədə öz təcrübələrini söyləyəcəklər. Hesab edirəm ki, bu tədbirin keçirilməsi bizim aparacağımız dövlət büdcəsinin xərcləri üzrə audit tədbirlərinin keyfiyyət göstəricilərinə öz müsbət təsirini göstərəcək".
Fevralın 21-də isə Azərbaycan və Rusiya Hesablama palataları arasında ikitərəfli əməkdaşlıq çərçivəsində sosial təminat üzrə ödənişləri həyata keçirən fondların auditi, eləcə də tibb, təhsil, mədəniyyət, kinematoqrafiya və tibbi sığorta sahələrinə ayrılmış büdcə vəsaitlərinin auditi üzrə təcrübə mübadiləsi aparılacaq.