Lənkəran sakini həyətində yenot tutub

Lənkəran sakini həyətyanı sahəsində yenot tutub. Daha çox meşə ərazisində rast gəlinən bu heyvan sakinlərin marağına səbəb olub.

 

APA TV-nin cənub bürosunun xəbərinə görə, Lənkəran rayonunun Separadi kənd sakini Tarverdi Məmmədov həyətyanı sahəsində gecə saatlarında yenot tutub.

 

O, itlərin hürüşməsinə həyətə düşdükdə bu canlını görüb. İtlər heyvana zərər verməsin deyə onu götürərək saxlayıb: "Axşam saat 2-3 radələrində düşdüm həyətə. İtlər hürürdü, gördüm qeyri-adi bir heyvan var. İt bunu sıxışdırdı bir yerə, mən də tutdum quyruğundan, birtəhər atdım çəlləyə. Səhər gördüm belə bir heyvandır".

 

Vətəni Amerika sayılan yenot barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarına məlumat verilib. Ekologiya müfəttişi Ramiz Bəbirovun sözlərinə görə, yenot Hirkan Milli Parkına təhvil verilib: "Bu heyvanın kənd ərazisinə gəlib çıxmasının səbəbi odur ki, insanların müdaxiləsi nəticəsində son dövrlərdə onların yaşayış arealı daraldığı üçün məcbur olub qidalanmaqdan ötrü yaşayış məskənlərinə, kənd və qəsəbələrə basqınlar edirlər. Aşkar olunmuş bu yenot cinsli heyvan tam sağlam olduğu üçün Hirkan Milli Parkı ərazisinə aparılacaq".

 

Qeyd edək ki, su hövzələrinin yaxınlığındakı ağaclıq ərazilərdə yaşamağı sevən yenotlar gündüzlər yatır, gecələr isə yem axtarmağa çıxırlar. Yenotlar su yollarının, göllərin və bataqlıqların ətrafında yaşayır, su içməyə gələn heyvanları ovlayırlar. Eyni zamanda quş, yumurta, böcək və sürünənlərlə də qidalanırlar.

 

Müəllif | Apa.Tv
Elnur Ələkbərov