Tərtərdə inşa olunan yeni köçkün şəhərciyinə köç başlayıb
Tərtərdə 1170 məcburi köçkün ailəsinin yeni inşa olunan şəhərciyə köçürülməsinə start verilib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, yeni yaşayış massivinə əsasən təhsil müəssisələrində və yol kənarlarında palçıq daxmalarda yaşayan Kəlbəcər, Ağdam, Laçın, keçmiş Ağdərə və digər işğal olunmuş rayonların sakinləri köçürülür.
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi onların köçürülməsi üçün yükdaşıma xərclərini bu dəfə də öz üzərinə götürüb.
Köçkün ailələrinin yaşayacağı şəhərcikdə 34 ədəd 4 mərtəbəli bina inşa olunub. Burada 120 ədəd 1 otaqlı, 504 ədəd 2 otaqlı, 472 ədəd 3 otaqlı və 80 ədəd 4 otaqlı mənzil istifadəyə verilib. Şəhərcikdə 1200 şagird yerlik məktəb binası, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, klub-icma mərkəzi, həkim məntəqəsi və inzibati bina da inşa olunub.