Fərid Mansurov: "Bu turnirlər gələcək yarışlar üçün tramplindir"
Türkiyənin İstanbul şəhərində taekvondo üzrə klublararası Avropa çempionatında və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində "Karate 1" Premyer Liqa turnirində medal qazanan idmançılarla görüş olub.
APA TV-nin məlumatına görə, tədbirdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, taekvondo üzrə gənclərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Zahid Məmmədov, idmançılar və digər şəxslər iştirak ediblər.
Fərid Mansurov bildirib ki, bu turnirlər gələcək yarışlar üçün tramplindir: "Karate 1" Premyer Liqa turniri önəmli yarışdır və bunlar böyük qələbələrdir. Bu uğurlar bir daha göstərdi ki, Azərbaycan doğru yoldadır. İndiki turnirlər gələcək yarışlar üçün tramplindir. Taekvondoçularımızın Yeniyetmələrin Yay Olimpiya Oyunlarına daha çox lisenziya qazanacaqlarına ümid edirəm. Hər iki federasiyanın nümayəndələrinə yeni uğurlar diləyirəm".
Karate üzrə kişilərdən ibarət yığmanın baş məşqçi səlahiyyətlərini müvəqqəti icra edən Şahin Xudaverdiyev çox çətin rəqiblərə qarşı çıxış etdiklərini söyləyib və idmançıların etimadı doğrultduqlarını vurğulayıb.
Rafael Ağayev də Yay Olimpiya Oyunlarında fəxri kürsüyə yüksəlməyi hədəfləndiyini deyib. O, ötən ay Paris Premyer Liqasında ikinci yeri tutmasına da münasibət bildirib: "Professional idman budur ki, hər bir saniyədə hər şey olur. Əslində öz səhvim idi, gözlənilməz hal oldu. 15-20 saniyə, yaxud 1 dəqiqə qalsaydı, bəlkə də qalib gələrdim, amma bu mənə bir dərs oldu, çünki professional idmançı zirvədə olmaq üçün o aşağı düşməlidir ki, yenidən zirvənin dadını bilsin. İdmandır, biz də robot deyilik, qələbə qazanmağı, uduzub-udmağı bacarmalıyıq".
Taekvondo üzrə Azərbaycan millisinin böyük məşqçisi Zahid Məmmədov Yeniyetmələrin Yay Olimpiya Oyunlarına daha çox lisenziya qazanacaqlarına inandığını söyləyib: "Bizim qarşıda yarışlarımız çoxdur, Olimpiya Oyunlarına getmək üçün dünya çempionatına da lisenziya qazanmalıyıq. Ümid edirik ki, lisenziya qazanacağıq. Karateçilərimizi də təbrik edirəm, qarşıda bizi çətin oyunlar gözləyir. Lisenziya yarışı var. Ümid edirik ki, qalib gələrik və vətənimizi layiqincə təmsil edərik".
Qeyd edək ki, Türkiyədə gənclərdən ibarət Azərbaycan yığmasının 17 taekvondoçusu mübarizə aparıb. Onlardan 11 nəfəri fəxri kürsüyə yüksəlməyi bacarıb. Cavad Ağayev (63 kq), Taleh Süleymanov (73 kq), Minayə Əkbərova (44 kq), Sevda Pirseyidova (49 kq) qızıl, Xanoğlan Kərimov (48 kg), Ayaz Qənbərli (51 kq), Ofeliya Allahverdiyeva (42 kq) gümüş, Fatimə Həsənova (33 kq), Nihad Abbasov (45 kq), Bəhruz Quluzadə (48 kq) və Yaşar Məmmədli (51 kq) isə bürünc medal qazanıblar.
"Karate 1" Premyer Liqa turnirində isə Rafael Ağayev (75 kq) qızıl, Ayxan Mamayev (84 kq) və Nuranə Əliyeva (50 kq) isə bürünc medal əldə ediblər.