Türk ordusu Əsəd qüvvələrini top atəşinə tutdu - AFRİNƏ GİRƏ BİLMƏDİLƏR
Türkiyə ordusunun açdığı xəbərdarlıq atəşindən sonra Suriya prezidenti Bəşər Əsədi dəstəkləyən hərbi dəstələr Afrindən geri çəkilib. APA TV-nin “Anadolu”ya istinadən verdiyi xəbərə görə, Türkiyə artilleriya qüvvələrinin zərbələrinə tuş gələn hərbi dəstələr Afrinin 10 kilometrliyində dayandırılıb.
Bundan əvvəl bəzi KİV hökumət qüvvələrinin yaxın günlərdə Afrində və Türkiyə ilə sərhəd ərazilərdə bir neçə mövqeni nəzarətə götürmək niyyətində olduğunu bildirmişdi. Bir neçə gün əvvəl “Suriya Xalq Qüvvələri”nin yaxın saatlarda Afrinə daxil ola biləcəyi barədə xəbərlər yayılmışdı. Daha sonra Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan apardığı danışıqlardan sonra Suriya hökumət qüvvələrinin Afrinə doğru irəliləməsini dayandırdığını bildirmişdi.
Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ isə Suriya ordusunun Afrinə daxil olma planına dair iddiaların həqiqətə uyğun olmadığını bildirib.