DTX-nin Mədəniyyət Mərkəzində hərbi-vətənpərvərlik tədbiri təşkil olunub
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində "Heç kim unudulmur, heç nə yaddan çıxmır" adlı hərbi-vətənpərvərlik tədbiri təşkil olunub.
APA TV-nin məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin zabitləri, milli qəhrəmanlar, aprel döyüşlərinin qaziləri və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbir şəhidlərin xatirəsinin anılması ilə başlayıb.
Məktəblilər hərbi-vətənpərvərlik ruhunda şeirlər səsləndirdikdən sonra Dövlət Təhlükəsizliyi Xidməti Akademiyasının fakültə rəisi, polkovnik Cəlal Qasımov çıxış edərək, torpaqlarımızın işğal tarixinə nəzər salıb. O bildirib ki, ermənilərin təcavüzkar siyasəti təkcə torpaqlarımızın işğalına səbəb olmayıb, həm də Dağlıq Qarabağdakı maddi mədəniyyət nümunələrinin məhvinə səbəb olub.
Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyinin nümayəndəsi, istefada olan polkovnik Azər Qarayev ölkə rəhbərliyinin münaqişənin həlli istiqamətindəki cəhdlərinə rəğmən, işğalçı dövlətin qeyri-konstruktiv mövqeyi səbəbindən hələ də sülhə nail olunmadığını diqqətə çatdırıb.
Milli Qəhrəman Vahid Quliyev isə keçdiyi döyüş yolundan danışaraq, I Qarabağ müharibəsi dövründə torpaqlarımızın məhz o vaxtkı hakimiyyətin səriştəsizliyi səbəbindən işğal olunduğunu bir daha xatırladıb.
Çıxış edənlər indiki Ermənistanın Azərbaycanın tarixi torpaqlarında yerləşdiyini bir daha diqqətə çatdıraraq, mübarizənin tarixi ədalətin bərpa olunacağı günədək davam edəcəyini bildiriblər.
Tədbirdə həmçinin prezident İlham Əliyevin şəhid ailələri və müharibə veteranlarına göstərdiyi diqqət və qayğıdan danışılıb, minnətdarlıq ifadə olunub.