Daha üç bölgədə I sinfə qəbul elektron qaydada həyata keçiriləcək
2018-2019-cu tədris ili üçün Bakı ilə bərabər, Abşeron, Sumqayıt və Gəncə məktəblərində də I sinfə qəbul elektron qaydada həyata keçiriləcək.
APA TV-nin xəbərinə görə, bunu Təhsil Nazirliyi İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə I sinfə 16-17 min uşağın qəbulu planlaşdırılır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Bəşarət Məmmədov qeyd edib ki, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların I sinif üçün qeydiyyatdan keçməsinə ehtiyac yoxdur: "Məktəbəhazırlığa elektron qaydada 60 faiz artıq şagird qeydiyyatdan keçib. Məktəbəhazırlıqda olanların artıq qeydiyyatdan keçməyinə ehtiyac yoxdur. Sadəcə, onlar elektron ərzlərini çapa verərək məktəblərə təqdim edəcəklər. Qeydiyyatdan öncə məktəblərə yaxınlaşmağa ehtiyac yoxdur. Ancaq elektron qeydiyyatdan keçdikdən sonra məktəbə yaxınlaşa bilərlər".
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri İlhamə Abdullayeva bildirib ki, bu il Bakı şəhərində I sinfə şagird qəbulunun elektron sistemlə həyata keçirilməsinə fevralın 22-dən, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunda isə martın 12-dən start veriləcək və sentyabrın 15-ə kimi davam edəcək. I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçiriləcək. Sektor müdiri qeyd edib ki, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, onların I sinifdə də eyni sinifdə komplektləşdirilməsi və eyni müəllimə həvalə olunması nəzərdə tutulur. Bu qayda 2017-2018-ci tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2018-2019-cu tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunmur: "Məktəbəhazırlıq qrupunda övladları təhsil alan valideynlərə SMS göndəriləcək. SMS-in mətni bundan ibarətdir ki, valideynin övladı hansı məktəbəhazırlıq qrupunda oxuyursa, həmin məktəbəhazırlıq qrupunun müəllimi əgər bu il birinci sinifdə dərs deyəcəksə, həmin müəllim üçün avtomatik sorğu yerləşir. Ola bilər ki, valideyn uşağı öz ərazisində yerləşən məktəbdə oxutmaq istəyir. Buna görə də valideyn rahatlıqla öz şəxsi kabinetinə daxil olub sorğunu silə, öz ərazisində yerləşən məktəbi və müəllimi seçə bilər. Bu, eynilə elektron sistem tətbiq olan rayonlarda da şamil ediləcək".
İlhamə Abdullayeva deyib ki, 2018-2019-cu tədris ilində Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunda lisey və gimnaziyaların I siniflərinə qəbul imtahansız keçiriləcək. Bakıda lisey və gimnaziyalara I sinfə qəbul zamanı ilk növbədə həmin müəssisənin xidməti ərazilərində yaşayan uşaqlar qəbul ediləcək.