Azərbaycan Sumqayıt hadisələrinin təşkilatçısını beynəlxalq axtarışa verib

"Sumqayıt hadisələri ermənilərin sonradan Dağlıq Qarabağda həyata keçirdiyi işğal siyasətinə bəraət qazandırmaq xarakteri daşıyırdı".

 

APA TV-nin məlumatına görə, bu fikirləri Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev nazirlikdə keçirilən mətbuat konfransında bildirib.

 

H.Hacıyev qeyd edib ki, onların bu çirkin niyyətinin həyata keçirilməsi SSRİ rəhbərliyinin maraqlarına bilavasitə cavab verirdi: "Belə əməllərin həyata keçirilməsi siyasi sifarişlərdən irəli gəlirdi və bunun da təşkil edilməsində SSRİ-nin yüksək siyasi rəhbərliyi, Ermənistanın və ermənilərin havadarları qismində çıxış edən SSRİ rəhbərliyində olan şəxslər çıxış edib. Ona görə də bu istintaqların yekun məntiqi nəticəyə gətirilməsi və onun sifarişçi və təşkilatçılarının da məsuliyyət qarşısına çıxarılması istiqamətində müəyyən çətinliklər yaradıb. Xocalı faciəsinin törədilməsində bu gün Ermənistanın siyasi-hərbi rəhbərliyində olan şəxslər iştirak edib və Ermənistan rəhbərliyi bu kimi faktları bilərək heç bir istintaq və ya araşdırma aparmır və nəticə etibarilə bu kimi əməllərin öz yekun məntiqi nəticəsinə gətirilməsində müəyyən çətinliklər yaradır".

 

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə bildirib ki, 28 fevral 1988-ci ildə Sumqayıt hadisələri ilə bağlı cinayət işi başlanıb. Mart ayının 1-də sözügedən işin istintaqı SSRİ Baş Prokurorluğunun icraatına qəbul edilib. Lakin istintaq prosesi çərçivəsində bu olayların sifarişçi və icraçıları məsuliyyətə cəlb olunmayıb. Bu isə cinayət işi üzrə istintaqın yenilənməsi zərurətini yaradıb. Müəyyən edilib ki, SSRİ-nin bu cinayət işini araşdıran istintaq qrupu bu prosesə qərəzli yanaşma sərgiləyib: "SSRİ Baş Prokurorluğunun istintaq-əməliyyat qrupu tərəfindən araşdırılmış cinayət işlərinin öyrənilməsi göstərib ki, bu hadisələrlə bağlı işin istintaqı qərəzli və birtərəfli aparılıb, hadisələrin əsl mahiyyəti açılmayıb, cinayətin iştirakçıları tam müəyyən olunmayıb, bu hadisələrin təşkilatçıları, ümumiyyətlə, məsuliyyətdən kənarda qalıb, onların müəyyən edilib məsuliyyətə cəlb olunması üçün heç bir tədbir görülməyib, cinayətin səbəb və şəraiti qətiyyən araşdırılmayıb".

 

Baş Prokurorluğun xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Nadir Mirzəyev isə qeyd edib ki, həmin hadisələrin istintaqı zamanı milliyyətcə erməni olan Sumqayıt sakini Eduard Qriqoryan məsuliyyətə hadisələrin icraçısı qismində cəlb olunsa da, yenilənmiş istintaq çərçivəsində onun həm də bilavasitə təşkilatçı olduğu ortaya çıxıb. Təşkilatçılar həmin vaxt Sumqayıtda yaşayan ermənilərin ünvanlarını əvvəlcədən müəyyən edərək, qruplar halında evlərə basqın edib. E.Qriqoryan sonradan həbs olunsa da, 1991-ci ildə cəzasını çəkmək üçün Yerevana göndərilib: "Sonradan bizə məlum olmuşdu ki, Yerevandan sonra o üçüncü ölkənin ərazisinə keçərək, hazırda da həmin ölkənin ərazisində yaşamaqda davam edir. Eduard Qriqoryan 9 fevral 2015-ci ildə Azərbaycan Cinayət Məcəlləsinin o vaxt qüvvədə olan redaksiyası ilə müxtəlif maddələrlə ittiham olunub və onun barəsində "İnterpol"un Azərbaycanda Mərkəzi Bürosunun vasitəsilə axtarış elan olunub. Onun hansı üçüncü ölkədə olmasını bildirmək isə istintaq hesab edir ki, məqsədəmüvafiq deyil".

 

Müstəntiq əlavə edib ki, Sumqayıt hadisələrinə görə təqsirləndirilərək 1989-cu ildə güllələnən Əhməd Əhmədovun bəraət alması üçün hüquqi prosedurlara baxılacaq.

 

Mətbuat konfransı jurnalistlərin sualları ilə davam etdirilib.

Müəllif | Apa.Tv
Fərid Rəsulov