Azərbaycan-Rusiya sərhədində ilk sərhəd nişanı quraşdırılıb
Qusar rayonunun Zuxul kəndi ərazisində Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədində ilk sərhəd nişanının təntənəli quraşdırılması mərasimi keçirilib.
APA TV-nin xəbərinə görə, Azərbaycan Sərhəd Mühafizəsi tarixinin ən əlamətdar hadisələrindən biri olan bu təntənəli mərasimdə Azərbaycan Dövlət Sərhəd Xidmətinin və Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin nümayəndə heyətləri, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyalarının üzvləri iştirak etmişlər.
Azərbaycanın Rusiya Federasiyası ilə dövlət sərhədində ilk sərhəd nişanı quraşdırıldıqdan sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının sədrləri Xələf Xələfov və Vadim Postnov, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin nümayəndə heyətinin rəhbəri general-leytenant Aleksey Buyerov çıxış ediblər.
Çıxışlarda bu hadisənin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlətlərarası münasibətlərin mehriban qonşuluq və dostluq, strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq səviyyəsinin növbəti nümayişi olması vurğulanıb, dövlət sərhədinin demarkasiyası işlərinin ən yaxın zamanlarda uğurla başa çatdırılacağı qeyd olunub.
Qeyd edək ki, Azərbaycan-Rusiya dövlət sərhədinin müəyyənləşdirilməsi prosesinə 1996-cı ildən etibarən başlanıb və 14 illik birgə fəaliyyət uğurla yekunlaşdırılaraq 3 sentyabr 2010-cu il tarixdə “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında” dövlətlərarası müqavilə imzalanıb.