Misirin paytaxtı Qahirədə beşmərtəbəli yaşayış binasının çökməsi nəticəsində azı 10 nəfər dünyasını dəyişib. APA TV-nin məlumatına görə, bu barədə yerli "MENA" agentliyi xəbər yayıb.
Yerli hüquq mühafizə orqanları bildirir ki, bədbəxt hadisə əhalinin yoxsul təbəqəsinin sıx yaşadığı paytaxtın Manşiət-Nəsr rayonunda baş verib. Dağıntıların altından 10 nəfərin cəsədi çıxarılıb. Hazırda orada başqa insanların da qaldığı istisna edilmir.
Yerli statistikaya əsasən, Misirdə 2 milyonadək ev yaşayış üçün təhlükəli hesab edilir. Dövlət orqanları tərəfindən həmin binaların sökülməsinə dair 100 mindən çox qərar verilsə də, hələ də icra olunmamış qalır.