Şirvan polisi Sumqayıt sakinindən külli miqdarda heroin götürdü
Sumqayıt sakini Şirvanda narkotik vasitə olan heroinlə tutulub. APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, əməliyyat tədbirləri Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən reallaşdırılıb.
Əməliyyat narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində həyata keçirilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər də eyni əməllərə görə məhkum olunmuş və yenicə azadlığa çıxan Sumqayıt şəhər sakini, 1987-ci il təvəllüdlü Cəfərov Elvin Cavanşir oğlu polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış zamanı 1 ədəd sellofan bükümdə narkotik vasitə hesab olunan, ümumi çəkisi 30,176 qram heroin aşkar edilərək götürülüb.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq gedir.