"Spartak" və "Atletik" azarkeşləri bir-birinə dəydi - BİR POLİS ÖLDÜ
İspaniyanın Bilbao şəhərində baş tutan yerli "Atletik" və Rusiyanın "Spartak" komandaları arasında Futbol üzrə Avropa Liqasının 1/16 final matçından əvvəl insident yaşanıb. APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, insident nəticəsində bir polis əməkdaşı ölüb.
Məlumata görə, komandaların fanatları arasında qarşıdurma baş verib. Kütləvi davalar zamanı tərəflər bir-birinə fişənglər, pirotexniki vasitələr atıb. Bu vaxt bir fişəng Regional hüquq-mühafizə orqanlarının əməkdaşlarından birinin yanında partlayıb. Nəticədə ürəktutması keçirən polis xəstəxanaya aparılıb. Onun vəziyyəti ağır olub və dünyasını dəyişib.
Azarkeş qrupları arasında yaşanmış qarşıdurmalar zamanı bir neçə nəfər də xəsarət alıb. Əraziyə polis qüvvələri cəlb olunub. İnsidentdə iştirak edən ən azı 5 nəfərin saxlanıldığı deyilir.
Qeyd edək ki, futbol qarşılaşması 2 : 1 "Spartak"ın qələbəsi ilə başa çatıb.