ABŞ-ın neft ehtiyatları azaldı, qiymətlər bahalaşır
ABŞ-ın kommersiya neft ehtiyatlarının həftə ərzində 1,6 milyon barel azalması qiymətlərin bahalaşmasına səbəb olub.
APA TV-nin xəbərinə görə, Energetika Nazirliyinin açıqlamasından sonra "Brent" markalı neftin qiyməti 66,36 dollara qalxıb, WTI neftinin bir bareli isə 62,81 dollardan satılır. Bu, hesabat açıqlanmazdan əvvəlki qiymətdən 1,5 dollar bahadır.
Hazırda ABŞ-ın kommersiya neft ehtiyatlarının həcmi 420,5 milyon barel təşkil edir. Ötən həftə ehtiyatların həcmi artaraq 422,1 milyon barelə çatmışdı.
Həftə ərzində Birləşmiş Ştatlar xaricdən gündəlik neft idxalını 867 min barel azaldıb. Hazırda ABŞ gün ərzində 7 milyon barel neft idxal edir.
Maraqlıdır ki, ötən həftə ölkədə neft hasilatına cəlb olunan buruqların sayının artması ölkənin kommersiya neft ehtiyatlarının artmasına təsir göstərməyib. Buruqların sayına dair növbəti hesabat bu gün axşam saatlarında açıqlanacaq. Bu hesabat birjaların son ticarət sessiyalarında qiymətlərin formalaşmasına təsir göstərəcək yeganə amil sayılır.