İmişlidə keçi 5 bala doğdu

İmişlinin Qulubəyli kəndi ərazisindəki fermaların birində keçi 5 bala doğub.

 

APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, bu hadisənin qəribəliyi ondadır ki, adətən keçilər ənənəvi olaraq maksimum 3 bala dünyaya gətirirlər. Çox nadir hallarda keçinin 5 bala doğması müşahidə olunur.

 

Keçi balaları tam sağlam doğulub və ana keçinin südü bütün keçi balalarını təmin edir. Keçi balaları üçün kola adlanan yeraltı saxlanc yeri də düzəldilib. Keçilərin sahibi, İmişli sakini Vəli Şahbazov deyir ki, keçi balaları kolada soyuqdan və infeksiyadan yaxşı qoruna bilirlər. Keçilərin anası dördəm doğulub, indi isə ənənəni davam etdirən ana keçi öz “keçi ailəsi”nin rekordunu təzələyərək beşəm doğub.

 

Bala keçilərə rayon baytar həkimi də baş çəkib. Onların tam normal qidalandığı və sağlam olduğu bildirilir. Baytarlıq xidməti keçi balalarını bir müddət nəzarətdə saxlayacaq.

 

Keçi balaları Şahbazovlar ailəsinin balaca üzvlərinin də sevincinə səbəb olub. Onlar körpə keçilərlə vaxtlarını keçirmək üçün çox həvəslidirlər. 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı