Şəkidə əhalinin pulsuz tibbi müayinəsinə başlanılıb

Şəkidə əhalinin tibbi müayinəsi ilə əlaqədar Bakıdan gəlmiş yüksək ixtisaslı həkimlərin iştirakı ilə müayinələr keçirilib.

 

APA TV-nin Şəki-Zaqatala bürosunun məlumatına görə, müayinələrlə bağlı təşkil edilmiş mətbuat konfransında məlumat verilib ki, ötən il profilaktik tibbi müayinələrə ölkə üzrə 18 yaşdan yuxarı 5 499 863 nəfər cəlb edilib.

 

Onlardan 68 427 nəfər dispanser nəzarətə alınıb, 233 458 nəfəri sağlamlaşdırılıb, 27 059 nəfəri hospitalzasiya olunub, 2 041 388 nəfəri ilə əlavə müayinələrə cəlb edilib.


Builki müayinələrdə isə bu rəqəmin daha da artacağı gözlənilir. Müayinələrlə bağlı yaradılmış 4 yüksək ixtisaslı həkim briqadası mərkəzləşdirilmiş  8 regiona iki həftədən bir səfərlər edir. Əsas məqsəd müayinələrdə aşkarlanan ağır xəstələrə yerindəcə tibbi yardım etmək, əgər xəstənin rayonlarda müalicəsi mümkün olmazsa, onun Bakı şəhərində müvafiq xəstəxanaya göndərilməsinin təmin olunmasıdır.

 

Sonra Qax, Şəki və Oğuz xəstəxanalarının baş həkimləri müayinələrin gedişatı ilə bağlı məlumat verib. Əhalinin sağlamlaşdırılması üçün aparılan tədbirlərin əhəmiyyətindən danışılıb. Sonda jurnalistlərin sualları cavablandırılıb.

 

Qeyd edək ki, Azərbaycan prezidentinin tapşırığı ilə cari ilin 12 fevral-12 may tarixlərində Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində əhalinin növbəti pulsuz tibbi müayinələrinə başlanılıb.

Müəllif | Apa.Tv
Vüqar Heydərov