FHN Akademiyasında Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirilib
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
APA TV-nin xəbərinə görə, tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Toplantını giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Pənah Süleymanov 366-cı motoatıcı alayın iştirakı ilə erməni-daşnak millətçiləri tərəfindən Xocalıda dinc sakinlərə qarşı həyata keçirilmiş soyqırımı aktının XX əsrin ən böyük cinayətlərindən biri olduğunu qeyd edib. Bu cinayətin erməni millətçilərinin Azərbaycan xalqına qarşı reallaşdırdıqları etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu nəzərə çatdıran Akademiya rəisi baş vermiş soyqırımına beynəlxalq hüquq müstəvisində qiymət veriləcəyinə əmin olduğunu bildirib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Sevinc Fətəliyeva Xocalı soyqırımının bəşər tarixində törədilmiş ən qanlı faciələrdən olduğunu diqqətə çatdırıb və cinayətin səbəbkarlarının layiqli cəzalarını alacaqlarına əminlik ifadə edib. O, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının və ümumilikdə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən bəhs edib.
Toplantının sonunda Xocalı faciəsinə həsr olunmuş sənədli film nümayiş olunub.