Oqtay Əsədov: "Böyük əfv gözlənilir"
Milli Məclisin növbəti plenar iclası keçirilib. APA TV-nin məlumatına görə, iclasın gündəliyinə 19 məsələ daxil edilib.
İclasa sədrlik edən spiker Oqtay Əsədov öncə Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərovu yubileyi münasibətilə parlament adından təbrik edib: “Cənab prezident Fəttah müəllimi "İstiqlal" ordeni ilə təltif etdi. Bununla da onun əmək fəaliyyətinə ən yüksək səviyyədə qiymət verildi”.
Cari məsələlərin müzakirəsi zamanı deputatlar vəkillərin səlahiyyətlərinin artırılması təklifi ilə çıxış ediblər. Qüdrət Həsənquliyev deyib ki, “Vəkillər haqqında” qanun yenidən işlənməli, ilkin dövrdə vəkilliyə qəbulla bağlı imtahan sualları sadələşdirilməlidir: “Vəkillik institutu ilə bağlı prezidentin imzaladığı sərəncamı müsbət qarşılayıram. Burada dəfələrlə bildirilib ki, vəkillik institutunun nüfuzunu qaldırmaq lazımdır. Vəkillərimizin sayı azdır. Ədalət mühakiməsini vəkilsiz və çəkişməsiz təsəvvür etmək mümkün deyil”.
Deputat Fazil Mustafa vəkilliyə qəbulda keçid balının 60 baldan 50 bala endirilməsini də vacib sayıb: “Vəkillik bilavasitə təcrübə ilə bağlı fəaliyyət növüdür. 1800 adamdan əgər 600 nəfər keçirsə, bu olduqca az adamdır. Həmçinin hesab edirəm ki, dövlət qulluğuna qəbul imtahanları zamanı müsahibə mərhələsi ləğv edilməlidir. Yalnız Dövlət İmtahan Mərkəzinin keçirdiyi test imtahanının nəticələri əsasında vətəndaşlar müvafiq vəzifələrə qəbul edilməlidir”.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bəzi deputatların vəkilliyin test imtahanı ilə bağlı dəyişiklik təklifi ilə razılaşmayıb. Onun fikrincə, həm dövlət qulluğunda, həm də hakimlərin seçkisində ikinci və növbəti mərhələ əhəmiyyət kəsb edir.
Əli Hüseynli bildirib ki, prezidentin təqdim etdiyi cəzaların humanistləşdirilməsi ilə bağlı qanun layihəsinin mahiyyətinə görə 15 cinayət dekriminallaşdırılıb: “Ötən il dekabr ayının 1-dən qüvvəyə minən bu dəyişikliklərə əsasən, indiyə qədər icra ilə bağlı vəziyyət belədir: Bu günə qədər məhkəmələrə qanunun tətbiqi ilə əlaqədar 4000-dən artıq təqdimat göndərilib. Bu təqdimatlara əsasən 479 məhkum həbsdən azad edilib, 585 məhkumun həbs cəzasının müddəti azaldılıb, 465 məhkum isə - hansı ki, azadlıqdan məhrumetmə cəzasına yox, digər cəzalara məhkum olunub - onlar da azad ediliblər. 59 məhkumun cəzaçəkmə rejimi dəyişdirilib, yəni yüngülləşdirilib. Hazırda məhkəmələrdə qanunun tətbiqi ilə bağlı daha 1700 təqdimat var. Daha 5000 məhkum barəsində də təqdimat nəzərdə tutulur".
Müzakirələrə son qoyan spiker Oqtay Əsədov isə bu yaxınlarda ölkədə böyük həcmli əfv sərəncamının verilməsi gözlənildiyini diqqətə çatdırıb: “Bununla bağlı hazırda ciddi işlər gedir. Düzdür, bu, cənab prezidentin səlahiyyətində olan məsələdir, amma deyə bilərəm ki, bu yaxınlarda böyük əfv sərəncamı gözlənilir".
İclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik təsdiq edilib, Azərbaycanla Türkiyə arasında 2017-ci ildə imzalanan iki saziş ratifikasiya olunub.