Ağdamda dördotaqlı ev yanaraq külə dönüb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Sarıcalı kəndində baş verib.
Hadisə zamanı kənd sakini Əntiqə Baxşəliyevaya məxsus ev əşyaları ilə birlikdə tamamilə yanıb. Yanğın baş verərkən evdə heç kəs olmadığı üçün alovun elektrik enerjisində yaranmış qısaqapanmadan qaynaqlandığı ehtimal edilir. Ə.Baxşəliyevanın qonşusu Azad İsmayılov evin başqa bir ailəyə kirayəyə verildiyini bildirib:
“Mən həyətə çıxanda alovu gördüm. Keçdim qonşuya, gördüm ki, ev yanır. Kirayədə qalanların qonaq getdiyini bildiyim üçün yanğından mühafizə xidmətinə zəng vurub xəbərdarlıq etdim".
Hadisə yerinə gələn FHN-in yanğınsöndürənləri alovun digər tikililərə keçməsinin qarşısını ala bilib. Faktla bağlı araşdırma aparılır.