ABŞ-da ehtiyatlar və hasilat azaldı - NEFT BAHALAŞIR

Sutka ərzində xam neftin qiymətləri bahalaşıb və birjalar həftə sonu bu tendensiya ilə bağlanıb.

 

APA TV-nin məlumatına görə, "Brent" markalı neft gün ərzində 66,36 dollardan 67,33 dollara qədər bahalaşıb. Qərbi Texas nefti də dəyər qazanıb. WTI markası birjalar bağlanmazdan öncə 63,58 dollara satılıb. Bu, gün ərzində 1 dollara qədər bahalaşma deməkdir.

 

Son vaxtlar qiymətlərə təsir edən səbəblərin çoxu ABŞ-la əlaqəlidir. Bu ölkədə neft hasilatı bu həftə azalıb. Eyni zamanda üç həftədən sonra xam neft ehtiyatları da yenidən azalmağa başlayıb. ABŞ-da neft istehsalının min barel azalması neft bazarına müsbət təsir edib.

 

"Baker Hughes"un hesabatına görə, ölkədə fəal neft quyusu sayı 1 ədəd artıb. 17-23 fevral tarixlərində fəal quyuların sayı 798-dən 799-a çatıb. Keçən həftə artım 7 ədəd olub. Ötən ilin eyni dövründə fəal quyu sayı 602 olub.

 

Ötən həftə ABŞ neft sənayesində baş verən dəyişikliklər - istehsalın və ehtiyatların azalması qiymətlərin yüksəlməsinə səbəb oldu. Növbəti həftədə də neft bazarının gözü ABŞ-da olacaq.

Müəllif | Apa.Tv
Elvin Bayramlı