Polis sübut etdi: bacadan çıxarılan şəxs restorandan oğurluq etmək istəyib
Bakıda 30 yaşlı şəxsin bacaya düşməsinin detalları məlum olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, fevralın 22-dən 23-nə keçən gecə Nizami rayonu ərazisində yerləşən "Alov" parkındakı "Alov" restoranının havalandırma sistemində bir nəfər naməlum şəxsin sıxılmış vəziyyətdə qalması barədə polisə məlumat daxil olub.
Hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb edilib. Bacaya düşən şəxs xilas edilərək xəstəxanaya yerləşdirilib.
Xilas edilən şəxsin Abşeron rayon sakini, 30 yaşlı Mehralıyev Asif Çingiz oğlu olması müəyyən edilib.
DİN-in mətbuat xidmətindən həmçinin bildirilib ki, A.Mehralıyevin guya kimlərsə tərəfindən bacaya atılması barədə KİV-də yayılan məlumatlar həqiqətə uyğun deyil. A.Mehralıyev dindirilərkən məlum olub ki, o, iki gün əvvəl həmin restoranda işə düzəlibmiş. Hadisə baş verən gün isə A.Mehralıyev restoranın rəhbərliyindən icazə alaraq gedib. Yeyib-içdikdən sonra isə sərxoş vəziyyətdə işlədiyi restorandan oğurluq etmək niyyətinə düşüb. Bu məqsədlə də gecə saat 02:00 radələrində restoranın havalandırma sistemi ilə içəriyə daxil olmaq istəyib. Lakin havalandırma sistemi dar olduğu üçün hərəkətsiz vəziyyətdə qalıb və niyyətini başa çatdıra bilməyib.
Hazırda A.Mehralıyevin xəstəxanada müalicəsi davam etdirilir.
Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.