Keçmiş AFFA prezidentinin ailəsində daha bir faciə: bacısının yanmış meyiti tapıldı
Tovuzda ikimərtəbəli evdə yanğın baş verib. APA TV-nin Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, 7 otaqlı yaşayış evinin 1 otağında çarpayı, digər otaqda isə divan qismən yanıb.
Yanğının kəşfiyyatı zamanı 1945-ci il təvəllüdlü Fərman Qoca oğlu Məmmədovun və 1950-ci il təvəllüdlü Pakizə Şəmşəd qızı Mirzəyevanın qismən yanmış meyitləri aşkar olunub. Yanğınsöndürənlər evin qalan hissəsini yanğından mühafizə edə biliblər.
Meyiti aşkarlanan Pakizə Mirzəyevanın əl-ayağı və ağzı lentlə bağlı olub. Bundan başqa, onun və həyat yoldaşı Fərman Məmmədovun meyitləri ayrı-ayrı otaqlarda tapılıb. Kişinin baş, qadının isə bədən nahiyələrində yanıq xəsarətləri olub. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.
Pakizə Mirzəyeva AFFA-nın keçmiş prezidenti Ramiz Mirzəyevin bacısıdır və Tovuz rayon poliklinikasında həkim işləyib.
Qeyd edək ki, bu, Mirzəyevlər ailəsində son aylarda baş vermiş üçüncü dəhşətli faciədir. Mərhum Ramiz Mirzəyevin oğlu Anar Mirzəyev ötən həftə Sabirabadda yol qəzasında həlak olmuşdu. Keçmiş AFFA prezidentinin qardaşı oğlu Orxan Mirzəyev isə ötən ilin iyun ayında Hacıqabulda "Toyota Land Cruiser"in aşması nəticəsində dünyasını dəyişmişdi.