MSK-nın növbəti iclası keçirilib

Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. APA TV-nin xəbərinə görə, əvvəlcə Xocalı şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad olunub.

 

İclasda aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərində namizədliyin irəli sürülməsinin təsdiq olunması məsələsinə baxılıb.

 

MSK katibi Arifə Muxtarova deyib ki, Vətəndaş və İnkişaf Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Əli Nadir oğlu Əliyevin və Azərbaycan Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülən Sərdar Cəlal oğlu Məmmədovun namizədliyinin təsdiq olunması üçün müvafiq sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim edilib. O qeyd edib ki, hər iki şəxsin namizədliyinin irəli sürülməsinin təsdiq olunmasına əsaslar var. Məsələ səsverməyə qoyularaq təsdiqlənib. Daha sonra hər iki partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb. Beləliklə, prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 15-ə çatıb.

 

Qeyd edək ki, Azərbaycanda aprelin 11-nə təyin edilən prezident seçkilərini izləmək üçün indiyədək 51 müşahidəçi Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib. Onlardan 36-sı öz təşəbbüsü, 15-i isə qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə müşahidəçi kimi qeydiyyata alınıb.  

 

 

 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova