Ərdoğan doğum gününü qeyd edir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 64 yaşını qeyd edir.
APA TV-nin məlumatına görə, R.T. Ərdoğan 1954-cü ildə İstanbulda dünyaya gəlib. İbtidai təhsilini 1965-ci ildə bitirən Türkiyə prezidenti həmin il dini təhsil almağa başlayıb, 1973-cü ildə İmam Hatip məktəbini bitirdikdən sonra Mərmərə Universitetinə daxil olub.
1976-cı ildən aktiv siyasətlə məşğul olan Türkiyə prezidenti 1991-ci ildəki parlament seçkilərinə qatılaraq, millət vəkili seçilib. 27 dekabr 1997-ci ildə Siirt şəhərindəki mitinqdə Ziya Gökalpın "Əsgər duası" şeirinin bir hissəsini dəyişdirdiyi üçün saxlanılan Ərdoğan 1 il həbs cəzasına məhkum edilib.
2001-ci ildə yaradılan Ədalət və İnkişaf Partiyasının I qurultayında partiya sədri olan Rəcəb Tayyib Ərdoğan 14 mart 2003-cü ildə baş nazir seçilib. 2014-cü il avqustun 28-də keçirilən seçkilərdə isə 51,79 faiz səslə Türkiyə Cümhuriyyətinin 12-ci prezidenti vəzifəsinə təsdiqlənib.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan yubileyini səfərdə olduğu Əlcəzairdə qeyd edəcək.