Türkiyə səfiri: "Xocalı faciəsini törədənlər cavab verməlidir"
"Biz hər zaman Xocalı üçün ədalət istəməyə davam edəcəyik". APA TV-nin xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Səfir bildirib ki, Xocalı faciəsini törədənlər ədalət məhkəməsi önündə cavab verməlidir: "Hamımızın ürəyində qalan bu acının artıq dindirilməsi lazımdır. Hamımız ədalət istəyirik. Xocalının qatilləri Xocalıda yaşananların cavabdehləri artıq bir an öncə ədalət önündə hesab verməlidir. Onlar indi özlərini "qəhrəman" kimi aparır. Bu hadisələri qınamaq, lənətləmək yetmir. Xocalının sorumluları ədalət önünə çıxıb cavab verməlidirlər. Hər il Xocalı üçün ədalət istəməyə davam edəcəyik. Biz türk milləti olaraq Xocalını unutmayacağıq, unutdurmayacağıq".
Səfir faciə ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.