Bakıda kitab oğrusu yaxalandı

Bakıda kitab oğrusu tutulub.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Nərimanov rayonu Atatürk prospekti 9 ünvanında yerləşən vətəndaş Solmaz Amanovaya məxsus yardımçı təsərrüfatdan oğurluq edilib.

 

Zərərçəkən şəxs Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət edərək bildirib ki, həmin yerdən müəllifi olduğu 900-dən çox uşaq ədəbiyyatı silsiləsinə aid kitablar və məişət əşyaları oğurlanıb. Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Samir Salmanov saxlanılıb.

 

Saxlanılan şəxs ifadəsində qeyd edilən anbardan oğurluq etdiyini etiraf edərək bildirib ki, əldə etdiyi kitabları şəhərin müxtəlif nöqtələrində yerləşən kitab mağazalarına satıb. Araşdırma zamanı həmçinin S.Salmanovun Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə axtarışda olduğu da müəyyən edilib.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar və zəruri istintaq hərəkətləri davam etdirilir.

Müəllif | Apa.Tv
Nigar Həsənli