Bakı Dəniz Vağzalında silahlı şəxs tutuldu

Bakı Dəniz Vağzalı ərazisində silahlı şəxs yaxalanıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinə Bakı Dəniz Vağzalının ərazisində Arif adlı şəxsdə odlu silah-sursat olması barədə məlumat daxil olub.

 

Baş İdarə əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs – Sumqayıt şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Arif Kiçiknicat saxlanılıb. Baş İdarədə hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman “AKM” markalı avtomat və içərisində 9 ədəd patron olan daraq aşkarlanaraq götürülüb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı araşdırmalardan sonra məlum olacaq.

Müəllif | Apa.Tv
Nigar Həsənli