Binəqədi polisində qanvermə aksiyası keçirilib

Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə Binəqədi Rayon Polis İdarəsi rəhbərliyinin təşkilatçılığı ilə idarənin inzibati binasında anım mərasimi keçirilib.

 

APA TV-nin xəbərinə görə, tədbirdən əvvəl idarənin şəxsi heyəti Xocalı soyqırımı qurbanlarının xatirəsinə təşkil olunan və həmin dəhşətli gecəni özündə əks etdirən foto stendə baxış keçirərək faciə qurbanlarını anıblar.

 

Anım mərasimi Xocalı faciəsi qurbanları və Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə çıxış edən Binəqədi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq İsmayılov Xocalı soyqırımının bəşər tarixində baş vermiş ən faciəvi hadisələrdən biri olduğunu deyib, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb.

 

Tədbirdə Azərbaycanın əməkdar müəllimi, tarixçi Elxan Kərimov, həmçinin idarənin digər əməkdaşları çıxış edib, Xocalı soyqırımının günahkarlarının beynəlxalq məhkəməyə verilməsini, tarix qarşısında cavab vermələrini tələb ediblər.

 

Sonda Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar olaraq Binəqədi Rayon Polis İdarəsində qanvermə aksiyası həyata keçirilib. Polis İdarəsinin 300-ə yaxın şəxsi heyəti aksiyada könüllü şəkildə iştirak edib.

 

Qeyd edək ki, aksiya zamanı toplanan qan Mərkəzi Qan Bankına təhvil verilib.

Müəllif | Apa.Tv
Nigar Həsənli