İngilis mətbuatı: Türkiyə ilə ABŞ arasında müharibə başlayacaq
"Suriyadakı əməliyyatlar zamanı yol veriləcək ən kiçik bir səhv belə NATO üzvləri arasında müharibənin başlanması ilə nəticələnəcək".
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu fikirlər "Financial Times" qəzetinin məqaləsində yer alıb. Yazıda İŞİD-in məhvinin yaxınlaşdığı ilə paralel olaraq qlobal güclərin Suriyada nüfuz müharibəsi apardığı da qeyd olunub.
Bildirilib ki, Türkiyənin etirazlarına rəğmən PYD/YPG-ni dəstəkləyən Vaşinqtonun bu siyasətinə son qoymaması bölgədə genişmiqyaslı müharibəyə səbəb olacaq.
Məqalədə Rusiyanın Suriya siyasətinə də toxunulub: "Ötən il Rusiya prezidenti Vladimir Putin əminliklə İŞİD üzərində qələbəni elan edəcək qədər əmin idisə, son hadisələr nəticəsində Suriyadakı vəziyyətin nəzarətdən çıxması bu əminliyin yanlış olduğunu göstərdi. BMT-nin atəşkəslə bağlı qərarı təqdirəlayiq olsa da, müvəqqəti xarakter daşımaqdan kənara çıxmır".
Yeri gəlmişkən, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Suriya hakimiyyətinə hərbi müdaxilə təhdidlərindən narahatlıq ifadə edib. O bildirib ki, BMT Suriyada atəşkəs elan edilməsinə dair 2401 nömrəli qətnaməyə riayət olunmasına nəzarət etməlidir: "Suriya hakimiyyətinə qarşı fikirlərin səslənməsi ilə paralel olaraq Vaşinqtonun anti-Rusiya əhvalı, habelə genişmiqyaslı hərbi əməliyyatların başlanacağı ilə bağlı ciddi narahatlıq var. Bunlar beynəlxalq hüquqa ziddir".