Masallı sakinindən 2 kq-dan çox narkotik vasitə götürüldü

Masallıda külli miqdarda narkotik vasitə olan tiryək aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən və əvəllər də məhkum olunmuş Masallı şəhər sakini 50 yaşlı Vüsal Hüseynov saxlanılıb.

Rayon polis şöbəsində onun üzərinə baxış keçirilərkən əynindəki gödəkçənin sol iç cibindən 21 qram, əlindəki sellofan torbadan isə 2.2 kiloqram narkotik vasitə aşkarlanaraq götürülüb. Ekspertizaya təqdim olunan narkotik vasitənin ümumi çəkisi 2 kiloqram 221 qram tiryək olması barədə rəy verilib.

"Onun üzərində şəxsi axtarış aparılarkən əynində olan qara gödəkcənin cibindən 21 qram, əlindəki sellofan bağlamada 2 kq, ümumi çəkisi 2,221 kq külli miqdarda narkotik vasidə olan tiryək aşkar edilmişdi", - Masallı RPŞ-nin müstəntiqi Mahir Hüseynov belə deyib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Müəllif | Apa.Tv
Apa.tv