OPEK hasilatı azaldır, neftin qiyməti yenidən bahalaşır

Birjalarda neftin qiyməti bahalaşıb. APA TV-nin məlumatına görə, axşam seanslarında “Brent” markalı neftin bir bareli 67,58 dollardan satılıb. Səhər seanslarında isə qiymət 36 sent ucuzlaşıb.

 

Qərbi Texas neftinin qiyməti də uzun fasilədən sonra 64 dollarlıq psixoloji baryeri aşıb. Axşam seanslarında 64,17 dollardan satılan WTİ markalı neft səhər keçirilən ticarət sessiyalarında 63,87 dollara təklif olunur.

 

Neftin bahalaşmasına səbəb OPEK ölkələrinin gündəlik hasilatı 1,2 milyon barel azaltmasıdır. Lakin ABŞ-da hasilatın artması qiymətlərin sürətlə bahalaşmasını ləngidir. Ötən ilin ortalarına nisbətən ABŞ-da neft hasilatı 20 faiz artıb, hazırda ölkədə sutkada 10 milyon bareldən çox neft hasil olunur. Bu templə ABŞ ilin sonuna kimi hasilat səviyyəsinə görə Rusiyanı ötüb keçəcək.

 

Bununla belə Asiya ölkələrində xüsusilə Çində neftə tələbat sürətlə artmaqdadır. Son hesabatlara görə, Şərqi və Cənub-Şərqi Asiya regionunda neft hasilatının 20 faiz azalacağı gözlənilir, bu isə neftə olan tələbatı artıracaq və qiymətlərin bahalaşmasını təmin edəcək.

 

Səudiyyə Ərəbistanı isə gələn ay ölkədə gündəlik hasilatı daha 100 min barel azaldaraq 7 milyon barelə endirməyi planlaşdırır. Bu amil də mart ayında neftin qiymətinin yüksək hədlərdə qalacağını təmin etmiş olur.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov