Bakıda bir gecədə 9 avtomobilin şüşəsi sındırıldı

Bakıda bir gecədə 9 avtomobilin şüşəsi sındırılmaqla oğurluq edilib.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Suraxanı rayonu Qaraçuxur qəsəbə sakini Səbuhi Əliyev rayon polis idarəsinə müraciət edərək bildirib ki, fevralın 15-də yaşadığı ünvanın qarşısında saxladığı “Opel” markalı avtomobilin pəncərəsi sındırılaraq nəqliyyat vasitəsinin salonundan monitor, maqnitofon, 4 ədəd səsgücləndirici və elektrik tənzimləyicisi oğurlanıb.

 

Elə həmin gün polis idarəsinə eyni məzmunlu şikayət ərizəsi ilə Qaraçuxur qəsəbəsində yaşayan daha 8 avtomobilin sürücüsü məlumat verərək, nəqliyyat vasitələrindən akkumulyatorlar və pul oğurlandığını bildiriblər.

 

Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən paytaxt sakinləri - əvvəllər məhkum olunmuşlar Rəşad Bayramlı və Rahim Hatəmzadə şübhəli şəxs qismində saxlanılıblar. Hər iki şəxs Qaraçuxur qəsəbəsində bir gecədə 9 nəqliyyat vasitəsindən oğurluq və oğurluğa cəhd etdiklərini etiraf ediblər.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Nigar Həsənli