Çingiz Əsgərov: "Avropa Məhkəməsi Azərbaycanda seçkilərlə bağlı ciddi pozuntular aşkar etməyib"
"Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında öhdəliyi həm də seçkilərin azad və şəffaf keçirilməsi ilə bağlıdır. Avropa Konvensiyasının 1 saylı Protokolunda qanunverici orqanın seçkilərlə bağlı bu öhdəliyi əksini tapıb".
APA TV-nin xəbərinə görə, bunu bu gün MSK-nın təşkilatçılığı ilə keçirilən seçkilərlə bağlı müraciətlərin araşdırılmasına həsr olunan seminarda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib.
Çingiz Əsgərov bildirib ki, bu səbəbdən Avropa Məhkəməsinə yalnız parlament seçkiləri ilə bağlı müraciət edilə bilər: "Bununla belə, Avropa Məhkəməsi seçkidə namizədliyi sərbəst irəli sürmək hüququnun təmin edilməsini zəruri sayır və bu barədə müraciətləri araşdıra bilər. Ancaq Avropa Məhkəməsi namizədin seçkiləri udub-udmaması kimi müraciətlərə baxmır. Avropa Məhkəməsi etiraf edib ki, Azərbaycanın seçki sahəsində qanunvericiliyi demokratiyaya xidmət edir. Avropa Məhkəməsi Azərbaycanda seçkilərlə bağlı ciddi pozuntular aşkar etməyib. Burada söhbət ancaq texniki məqamlarla bağlı olub".
MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, seminarların keçirilməsində məqsəd dairə seçki komissiyalarının ekspert qrupu üzvlərinin müraciət və şikayətlərə baxılması ilə bağlı məlumatların artırılması, praktiki vərdişlərin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün onların fəaliyyətinin təkmilləşdirilməsindən ibarətdir: "Azərbaycan dövləti xalqın iradəsini azad şəkildə yerinə yetirmək üçün şərait yaradıb. Hər bir seçicinin səsi azad ifadə olunmalıdır".
Martın 1-dək davam edəcək seminarların ümumilikdə ölkə üzrə 125 Dairə Seçki Komissiyasının bütün ekspert qrupu üzvlərini əhatə etməsi nəzərdə tutulur.