Fəttah Heydərov yenidən Ağsaqqallar Şurasının sədri seçildi

Azərbaycan Ağsaqqallar Şurasının VII qurultayı keçirilib. APA TV-nin məlumatına görə, qurultayda Heydər Əliyev, habelə müstəqillik uğrunda şəhid olanların və dünyasını dəyişən ağsaqqalların ruhu yad edilib.

 

Daha sonra çıxış edən Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov bildirib ki, 203 qurultay iştirakçısından 198-i toplantıya qatılıb.

 

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev çıxışında bildirib ki, Ağsaqqallar Şurasında cəmiyyətin müxtəlif təbəqələrini əhatə edən nüfuzlu, müdrik insanlar toplaşıb: "Müharibə şəraitində yaşayan Azərbaycanda gəncliyin yetişməsində, onun qorunmasında kəsərli ağsaqqal sözü hər zaman vacib olub. Bu gün də Azərbaycanın həyatında ağsaqqalların və onların təşkilatının rolu nəzərə çarpır. İnanıram ki, ağsaqqallar dövlətin, xalqın yükünü çiynində aparan insanlar kimi hər zaman öndə gedəcəklər".

 

Şuranın sədr müavini, akademik Teymur Bünyadov Azərbaycan prezidenti İlham Əliyev tərəfindən "İstiqlal" ordeni ilə təltif edildiyinə görə Fəttah Heydərovu təbrik edib, bunu ölkə ağsaqqallarının fəaliyyətinə verilən dəyər kimi qiymətləndirib.

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib ki, Azərbaycan Ağsaqqallar Şurası ötən 5 il ərzində ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edib.

 

Qurultayda akademik Əhliman Əmiraslanov, Naxçıvan Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədov və başqa şəxslər çıxış ediblər.

 

Açıq səsvermə yolu ilə Milli Məclisin deputatı F.Heydərov yenidən Ağsaqqallar Şurasının sədri seçilib.

 

Sonda F.Heydərov çıxış edərək ona göstərilən etimada görə qurultay iştirakçılarına minnətdarlığını ifadə edib: "Fürsətdən istifadə edib, bu günlərdə "İstiqlal" ordeni ilə təltif olunmağıma görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm. Bu, cənab prezident tərəfindən ölkə ağsaqqallarının fəaliyyətinə verilən ən ali dəyərdir".

 

Qeyd edək ki, F.Heydərov 2013-cü ildə Azərbaycan Ağsaqqallar Şurasının Vl qurultayında təşkilatın sədri seçilib.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı