Prezident Mingəçevirdə bir sıra obyektlərin açılışında iştirak edib

Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 27-də Mingəçevir şəhərinə səfərə gəliblər.

 

APA TV xəbər verir ki, dövlət başçısı və xanımı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoyublar.

 

Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov Mingəçevirdə görülən abadlıq-quruculuq işləri barədə prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verib.

 

Prezident İlham Əliyev 424 MVt gücündə Mingəçevir Su Elektrik Stansiyasının əsaslı yenidənqurmadan sonra istismara verilməsi mərasimində iştirak edib. “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev dövlət başçısına stansiyada görülən işlər barədə məlumat verib.

 

Dövlət başçısı Mingəçevir Su Elektrik Stansiyasını əsaslı yenidənqurmadan sonra işə salıb.

 

Daha sonra prezident İlham Əliyev Mingəçevir şəhərinin içməli su təchizatı sisteminin istismara verilməsi mərasimində iştirak edib. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Mingəçevir şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində görülən işlər barədə dövlət başçısına məlumat verib.

 

Prezident İlham Əliyev Mingəçevir şəhərinin içməli su təchizatı sisteminin istismara verilməsini bildirən düyməni basıb.

 

Sonra dövlət başçısı Mingəçevir şəhərinin elektrik paylayıcı şəbəkəsinin Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılışında iştirak edib. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev Prezident İlham Əliyevə Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin fəaliyyəti və burada yaradılan şərait barədə məlumat verib.

 

Prezident İlham Əliyev Mingəçevir şəhərinin elektrik paylayıcı şəbəkəsinin Avtomatik İdarəetmə və Nəzarət Mərkəzini işə salıb. Sonda xatirə şəkli çəkdirilib.

 

Daha sonra Azərbaycan prezidenti İlham Əliyev Mingəçevir-Bəhramtəpə avtomobil yolunun əsaslı şəkildə yenidən qurulan 26 kilometrlik Aran-Qarağacı hissəsinin açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov yolun texniki göstəriciləri və görülən işlər barədə prezident İlham Əliyevə məlumat verib.

 

Prezident İlham Əliyev Mingəçevir-Bəhramtəpə avtomobil yolunun əsaslı şəkildə yenidən qurulan Aran-Qarağacı hissəsinin rəmzi açılışını bildirən lenti kəsib. Sonda xatirə şəkli çəkdirilib.

 

Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsinin açılışında iştirak ediblər.

 

İqtisadiyyat naziri Şahin Mustafayev və layihə rəhbəri Mehriban Axundova dövlət başçısına və xanımına məlumat veriblər ki, ümumi dəyəri 144 milyon manat olan fabriklərin yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit verilib. Müasir texnologiyalar əsasında yaradılmış fabriklər Almaniya, İsveçrə, İspaniya və Yaponiyanın aparıcı şirkətlərinin avadanlığı ilə təchiz edilib.

 

Yeni fabriklərlə tanışlıqdan sonra dövlət başçısı və xanımı müəssisələrin işçiləri və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüblər. Dövlət başçısı görüşdə çıxış edib. Sonda xatirə şəkli çəkdirilib.

 

Sonra Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mingəçevirdə "ASAN Həyat" kompleksinin açılışında iştirak ediblər. Dövlət başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsiblər.

 

Azərbaycan prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov və Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Mingəçevir "ASAN Həyat" kompleksi barədə dövlət başçısına və xanımına ətraflı məlumat veriblər.

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksdə yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, Mingəçevir "ASAN Həyat" kompleksi Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 13-cü mərkəzidir. Mərkəzdə çalışacaq əməkdaşların sayı 154, könüllülərin sayı isə 45 nəfərdir. Bu mərkəz Mingəçevir şəhərinə, Yevlax və Ağdaş rayonlarında qeydiyyatda olan 337 min 767 vətəndaşa xidmət göstərəcək.

 

Dövlət başçısı mərkəzi işə salıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərkəzdəki innovativ yeniliklərlə tanış olublar. Dövlət başçısına və xanımına növbəti illərdə inşası və istifadəyə verilməsi nəzərdə tutulan digər "ASAN xidmət" mərkəzlərinin layihələri də təqdim olunub.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı