Səlim Müslümov: "Əhalinin gəlirlərini o dərəcədə artırmaq lazımdır ki..."

Fevral ayı üzrə bütün pensiyaların maliyyələşməsi başa çatdırılıb, bu gün sonuncu pensiyalar köçürülüb.

 

APA TV-nin xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

 

Nazir qeyd edib ki, Azərbaycan prezidentinin 20 fevral 2018-ci il tarixində imzaladığı 9 sənəd Prezidentin aylıq təqaüdü ödənilən 9 kateqoriya üzrə şəxsləri əhatə edir: "Həmin sənədlərə əsasən, müvafiq şəxslərə Prezident təqaüdü 2018-ci il martın 1-dən 10 faiz artırılmaqla, şəhid ailələri üçün 220 manatdan 242 manata, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün 200 manatdan 220 manata, müharibə və 20 Yanvar  əlilləri - I qrup əlillər üçün 165 manatdan 181,5 manata, II qrup əlillər üçün 143 manatdan 157,3 manata, III qrup əlillər üçün 110 manatdan 121 manata, 1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslər üçün 110 manatdan 121 manata çatdırılacaq".

 

Həmçinin sosial müavinət alan ümumi səbəblərdən birinci qrup əlillərə də Azərbaycan prezidentinin təqaüdlərinin gələn aydan 10 faiz artırılması, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Prezidentin təqaüdünün aylıq məbləğinin 1300 manatdan 1500 manata, Prezidentin fərdi təqaüdünün 1300 manatdan 1450 manata, fəxri adlara görə aylıq təqaüdlərin “Xalq” fəxri adı üçün 100 manatdan 150 manata, “Əməkdar” fəxri adı üçün 60 manatdan 100 manata çatdırılması nəzərdə tutulur. Qeyd olunan 9 fərman və sərəncam 60 minədək şəxsi əhatə edir. Onların təqaüdlərinə müvafiq artımın edilməsi üçün cari ilin sonunadək dövlət büdcəsindən 9,7 milyon manat əlavə vəsait ayrılacaq: "Bu sərəncamlar eyni zamanda bütün növ sosial müavinətləri kompensasiyaları əhatə edir. Bu Sərəncamlarla yaşa, ailə başçısını itirməyə və əlilliyə görə sosial müavinət alanlara, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, müharibə veteranlarına, aztəminatlı ailələrdəki 1 yaşınadək uşaqlara və sosial müavinətlər haqqında qanunvericilikdə nəzərdə tutulan digər şəxslərə aylıq sosial müavinətlərin,  uşağın doğulmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün, habelə dəfn üçün verilən birdəfəlik müavinətlərin, beşdən çox uşağı olan qadınlara hər uşağa görə verilən müavinətlərin, uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin 2018-ci il martın 1-dən 10 faiz artırılması təmin ediləcək. Hər üç sərəncam aylıq və birdəfəlik sosial müavinət alan şəxslərdən ibarət olmaqla, ümumilikdə 560 minə yaxın insana yönələn müavinətlərin artırılmasını nəzərdə tutur".

 

Həmin sərəncamlar üzrə müavinətlərə artımların edilməsi üçün ilin sonunadək 24,9 milyon manata yaxın əlavə vəsait ayrılacaq. Prezidentin təqaüdlərin artırılması məqsədilə imzaladığı 13 fərman və sərəncam 1 milyon 856 min nəfəri əhatə edir. Ümumilikdə ilin sonunadək 200 milyon manat əlavə vəsaitin ayrılması təmin ediləcək.

 

Nazir əmək haqlarının artırılması məsələsinə də toxunub. O bildirib ki, bu daimi gedən prosesdir. Bu ilin dövlət büdcəsində bu məqsəd üçün vəsait qoyulub. Hazırda ƏƏSMN və Maliyyə Nazirliyi tərəfindən müvafiq hesablamalar aparılır: "Yəqin ki, həmin hesablamaların nəticələri təqdim olunacaq prezidentə. Biz müvafiq vəsaitlər çərçivəsində maliyyələşmənin imkan verdiyi çərçivədə bu prosesin baş verməsi proqnozlaşdırırıq. Əhalinin gəlirlərini o dərəcədə artırmaq lazımdır ki, o özü üçün əlavə inflyasiya yaratmasın. Əmək məhsuldarlığı ilə əmək haqları, eləcə də sosial müavinətlər arasında olan balanslaşdırılmış tarazlıq, nisbət təmin olunmalıdır".

Müəllif | Apa.Tv
Apa.tv