Çantasında avtomat gəzdirən keçmiş məhkum tutuldu - BAKIDA

Polis əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.
 

APA TV-nin məlumatına görə, Səbail rayon Polis İdarəsi 8-ci Polis Bölməsinə Bayıl qəsəbəsi ərazisində Abuzər adlı şəxsin qanunsuz olaraq odlu silah-sursat saxlaması, gəzdirməsi və satmaq istəməsi barədə məlumat daxil olub.
 

Əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Abuzər Abuzərov saxlanılıb. Bölmədə hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman əlindəki çantanın içərisindən sandıqçasında 21 ədəd patron olan "AK-74" markalı avtomat aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində odlu silahı satmaq məqsədi ilə Bayıl qəsəbəsinə gətirdiyini bildirib.
 

Faktla bağlı cinayət işi başlanıb. Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı araşdırmalardan sonra məlum olacaq.

 

 

 

 

 

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd