İlkər Başbuğ: "Suriyadan sonra növbə Türkiyəyə çata bilər"
"Birləşmiş Ştatlar ən böyük strateji səhvə 2003-cü ildə yol verdi. Yaxın Şərqdə əslində bir İran vardı. İrana qarşı İraq balans təşkil edirdi. İran-İraq müharibəsi başlayanda İraqın arxasında ABŞ dayanırdı". Bu fikirləri Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi İlkər Başbuğ deyib.
İ.Başbuğ bölgədə balansın ABŞ tərəfindən pozulduğunu dilə gətirib: "Bundan başqa bölgədə bir də ərəb-İsrail balansı var idi. Misir, İraq, Suriya, İordaniya var idi. İraq yerlə yeksan edildi. Misir "ərəb baharı"nın qurbanı oldu. İsrailə ən yaxın təhdid Suriya idi. 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başladı. İndi bölgədə boşluq var. Bu boşluğu kim dolduracaq? Artıq Rusiya bölgəyə daxil olub. İsrail nə zaman girəcək? Yaxın vaxtlarda proseslərə müdaxilə edəcəyini iddia edənlər var. İsrail də bu tabloya daxil olsa, tam bir fəlakət baş verəcək. ABŞ-ın istəyi də budur, həm bölgədə balans yaradacağını iddia edir, həm də mövcud balansı alt-üst edərək boşluq yaradır".
İlkər Başbuğ 2015-ci ildə bölgədə tam mənzərənin formalaşdığını deyib: "PKK Suriyada sizin sərhədləriniz boyunca dövlət qurmağa çalışır, Türkiyə bu gerçəyi qəbul edə bilərmi? PKK terror təşkilatının qolu olan YPG, PYD Suriyanın şimalında möhkəmlənir, təşkilatlanır. Suriya torpaqlarının təxminən üçdə biri onların nəzarətindədir. Qurumları var, idarəetmə strukturları var, bir də silahlı gücü var. Burada dövlət qurmaq istəyən güclə üz-üzəyik. Türkiyə belə bir şeyi qəbul edə bilməz".
İlkər Başbuğ Afrin əməliyyatının zəruri bir addım olduğunu deyib: "Fərat qalxanı" əməliyyatı lazımlı, zəruri və haqlı addım idi. Vaxt məsələsi ilə bağlı mübahisə etmək olar, bəlkə daha tez keçirilə bilərdi. Əl-Bab əməliyyatı ilə davam etdik. Əgər Türkiyə bu əməliyyatları keçirirsə, Fərat çayının şərqini öz nəzarətində saxlayan PYD/YPG qərbə doğru irəliləyəcək və Suriyanın şimalında terror dəhlizi yaradacaqdı. Buna imkan vermək olmaz. Xarici dövlətlər bu gerçəyi niyə anlamır, bunu başa düşmək mümkün deyil. Terror təşkilatı sərhədlərimiz boyu möhkəmlənir, siyasi üstqurum formalaşdırmağa çalışır, siz isə bunu sakitcə seyr edirsiniz. Belə şey ola bilərmi? Meksika sərhədində bir terror təşkilatı möhkəmlənməyə çalışsa, buna icazə verərsiniz? İdlibdən sonra Afrində əməliyyat keçiriləcəyi gözlənilirdi. Son dərəcə lazımlı əməliyyatdır. Beynəlxalq hüquq baxımından da haqlı bir əməliyyatdır və əməliyyat uğurla davam edir".
İlkər Başbuğ "Böyük Ortadoğu layihəsində növbə Türkiyəyə çata bilərmi" sualını belə cavablandırıb: "Əlbəttə çata bilər, ağıllı hərəkət et, buna imkan vermə. Çünki növbə heç vaxt Türkiyəyə çatmayacaq demək, tarixi unutmaq deməkdir. Buna görə də güclü olmaq lazımdır. Əsas məsələ isə millətin birlik içərisində olmasıdır. Daxili problemləri həll etməliyik, çünki növbə bizə də çata bilər".