Maştağa və Balaxanı sakinlərindən silah götürülüb - KEÇMİŞ MƏHKUMDURLAR

Sabunçu rayonunda üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan və ya gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə ardıcıl uğurlu əməliyyat tədbirləri həyata keçirilib.

      
APA TV-nin məlumatına görə, Sabunçu rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş, Maştağa qəsəbə sakini İmran Cavadov qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilindiyi üçün saxlanılıb.  

       
Onun evinə baxış keçirilən zamanı çarpayının altında gizlətdiyi 1 ədəd "Naqan" markalı tapança və 3 ədəd patron aşkar olunaraq götürülüb. Ekspertizaya təqdim olunan tapançanın istifadəyə yararlı olması barədə rəy verilib.


Sabunçu rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində isə əvvəllər məhkum olunmuş, Balaxanı qəsəbə sakini Bəybala Qarabəyov saxlanılıb. Polis idarəsində hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman əlindəki çantanın içərisindən sandıqçasında 10 ədəd patron "AKS-74" markalı avtomat aşkar olunaraq götürülüb.


Hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv