Elxan Elatlının “Cəhənnəmdən gələn səs” kitabının imza günü keçirilib
“Biz elə gəncləri şəhid olandan sonra tanıyırıq. Çünki onlar küçədə, məktəbdə, toyda qarşımıza çıxanda özlərini təqdim etmirlər”. APA TV-nin məlumatına görə, bu fikirlər LIBRAFF kitab mağazasında yazıçı Elxan Elatlının "Cəhənnəmdən gələn səs" kitabının imza günündə səsləndirilib.
"Cəhənnəmdən gələn səs" romanı birbaşa Xocalı faciəsinə həsr olunmuş romandır. Mən bu romanda öz üslubuma sadiq qalaraq detektiv janrından istifadə etmişəm. Eyni zamanda ailə-məişət, məhəbbət və digər qollar əlavə etmişəm ki, rahat oxunsun. Çünki Xocalı mövzusu çox ağır mövzudur. Şükür ki, buna nail oldum. Gənclərimizin bir çoxu bu romanı oxuyub. Etiraf etdilər ki, Xocalıda baş verənləri bu romanı oxuyandan sonra daha dərindən, qəlbən anladılar. Düşünürəm ki, belə romanlar yenə yazılmalıdır, yayılmalıdır".
"Cəhənnəmdən gələn səs" əsəri rus dilinə də tərcümə olunub: "Hətta onun rus oxucularından da müxtəlif məktublar almışıq. Onlar Xocalı hadisəsini romanı oxuyandan sonra daha yaxşı anlayaraq göz yaşı töküblər. Burda söhbət mənim və romanımın təbliğindən söhbət getmir. Söhbət Xocalıda baş verənləri ən birinci öz gənclərimizə, sonra isə xaricdə yaşayan insanlara anlatmaq gedir".
Əsəri tarixi-detektiv roman adlandırmaq olar. Çünki yazıçı Xocalıda baş verən hadisələrə sadiq qalmağa çalışıb. Əsərdə tarixilik qorunub, detektiv üslubdan istifadə olunub: "Tarixi hadisələrə 100 faizə qədər sadiq olmağa çalışmışıq. Sözsüz ki, bədii əsər, romandır. Lakin Xocalıda konkret həmin gecə - fevralın 25-dən 26-na keçən gecə baş verənlər şişirdilmədən, çox da bədiiləşdirilmədən tarixi faktlara əsaslanaraq yazılıb".
Müəllif əsərlərini müxtəlif yaşda insanların oxuduğunu bildirir: "Oxucular əsasən gənclərdir. Çünki onlar görünür. "Cəhənnəmdən gələn səs" romanını oxuyan 80 yaşlı bir nəfər səmimi olaraq müharibəyə getmək üçün müraciət edirdi. Sözsüz ki, qəbul etmədilər. Ancaq məhz bu romanı oxuyandan sonra bu fikrə düşmüşdü".
Qeyd edək ki, "Cəhənnəmdən gələn səs" romanı "TEAS Press" Nəşriyyat Evində çap olunub.