Bu il Bakıya 350 yeni avtobus gətiriləcək
Bakı Nəqliyyat Agentliyi əhatə dairəsini genişləndirir.
APA TV-nin məlumatına görə, agentliyin baş direktorunun müşaviri Mübariz Abbasov bildirib ki, bu il daha çox nəqliyyat vasitəsində kartla ödəniş tətbiq olunacaq: “2018-ci il ərzində 700-dən çox nəqliyyat vasitəsini kart sisteminə keçirmək fikrindəyik. Bu yaxınlarda növbəti marşrut nağdsız ödəniş sisteminə keçdi. Nağdsız ödəniş ictimai nəqliyyat sahəsində şəffaflığı ortaya çıxarır. Sürücünün məsuliyyətini artırır, sərnişinlə ünsiyyət olmur. Məsuliyyət ona görə artır ki, sürücü əvvəllər olduğu kimi, planla işləmir. Əmək haqqı aldığı üçün dayanacaqdan kənarda saxlamır”.
Bakı Nəqliyyat Agentliyi yeni avtobusların gətirilməsi istiqamətində işləri davam etdirir: “Bu günə qədər 50-dək yeni nəqliyyat vasitəsi gətirmişik. 1000-dən çox nəqliyyat vasitəsini əsaslı təmir etdirmişik. BNA özəl daşıyıcılar qarşısında öhdəliklər qoyub. Dövlət tərəfindən 300-350 nəqliyyat vasitəsinin gətirilməsi planlaşdırılır”.
Mübariz Abbasov bildirib ki, yeni avtobuslar 21 marşrut xətti üzrə istifadəyə veriləcək.