Məleykə Abbaszadə: “Prezident seçkiləri ilə bağlı imtahanların tarixində dəyişiklik edilməyəcək”
Azərbaycan Respublikasının Prezidenti seçkilərinə görə Dövlət İmtahan Mərkəzinin keçirəcəyi imtahanlar təxirə salınmayacaq və onların vaxtı dəyişdirilməyəcək.
Bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə fevralın 28-də Göyçayda bölgə vətəndaşlarını qəbul edərkən APA TV-yə müsahibəsində bildirib.
O, prezident seçkilərinin siyasi, imtahanların isə tədris prosesi olduğunu bildirib: "İmtahan cədvəli əvvəlcədən müəyyən edilib, seçki və imtahanla bağlı heç bir kəsişmə yoxdur, ona görə də imtahanlar təxirə salınmayacaq və elan edilən vaxtda keçiriləcək”.
Məleykə Abbaszadə dövlət qulluğuna işə qəbul üzrə müsahibələrə namizədlərin qeyri-ciddi yanaşdığını və bununla bağlı qanunvericiliyə bəzi dəyişiklik ediləcəyini bildirib. O qeyd edib ki, fevralın 21-dən başlayan müsahibələr hazırda ölkənin 9 regionunda keçirilir. İnsanlar müsahibəyə yazılır, bununla əlaqədar hazırlıq işləri görülür. Dövlət İmtahan Mərkəzi müsahibə üçün regionlara öz ekspertlərini və dövlət qurumları öz nümayəndələrini ezam edir. Amma bəzi namizədlər gəlib müsahibədə iştirak etmir: "Müsahibədə iştirak edən namizədlərin də bir çoxu bu prosesə qeyri-ciddi yanaşırlar. Onlar 5 illik sertifikat əsasında hələ növbəti müsahibələrdə iştirak edə biləcəklərini, burada hər dəfə bir az təcrübə topladıqlarını və nə vaxtsa işə qəbul olunacaqlarını düşünürlər”.
Məleykə Abbaszadə müsahibə prosesinə belə qeyri-ciddi yanaşmanı aradan qaldırmaq üçün qanunvericiliyə müəyyən dəyişikliklər edilməsi ilə əlaqədar Dövlət İmtahan Mərkəzinin yeni təkliflərinin olacağını qeyd edib. O, imtahanlara sərf olunan maliyyə vəsaiti ilə bağlı yeni təkliflərin gələn il Tarif Şurasına təqdim ediləcəyini, bu il imtahan tarifləri ilə bağlı heç bir dəyişiklik nəzərdə tutulmadığını vurğulayıb.