Şirvan sakinini güllələyən şəxslər tutuldu

Şirvan sakinini güllələyən şəxslər həbs edilib.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, fevralın 24-də Şirvan şəhər sakini Teyyub Tağıyev odlu silahdan atəş açılması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 

Şirvan Şəhər Polis Şöbəsi və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən birgə əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri Azər Məmmədov, Nadir Nehmədzadə və Sabirabad rayon sakini Habil Fərzəliyev saxlanılıblar. Hal şahidlərinin iştirakı ilə H.Fərzəliyevin üzərində şəxsi axtarış keçirilən zaman ondan sandıqçasında 5 ədəd patron “Makarov” markalı tapança aşkar olunaraq götürülüb. Araşdırma zamanı H.Fərzəliyevdən aşkar edilən silah-sursatın dəstənin digər üzvü A.Məmmədova məxsus olması və hadisə zamanı zərərçəkənə məhz onun atəş açması müəyyən edilib.

 

A.Məmmədovun ətrafında keçirilən əlavə əməliyyat-axtarış tədbirləri ilə onun başqa cinayətinin də üstü açılıb. Belə ki, o, ifadəsində 2015-ci ilin aprelin 21-də şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Şirvan şəhər sakini Rəsul Əliyevə “Makarov” tipli tapança ilə bir neçə dəfə atəş açaraq, onu hər iki ayağından yaraladığını bildirib.

 

Qeyd olunan faktlarla bağlı cinayət işi başlanıb, zəruri əməliyyat-axtarış və istintaq  tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv