Gəncədə evə oğurluğa girən şəxsləri qonşular yaxaladı
Gəncədə evə basqın edən dəstə zərərsizləşdirilib.
APA TV-nin qərb bürosunun məlumatına görə, fevralın 26-da Gəncə şəhər Nizami rayonunun Cavadxan qəsəbəsində kirayədə yaşayan Mingəçevir şəhər sakini Bəhruz Mikayıllının evinə iki naməlum şəxs qanunsuz daxil olub.
Bu vaxt Bəhruz Mikayıllı evə qayıdıb. Naməlum şəxslər ev sahibini və qonşularını tapançaya bənzər əşya və bıçaqla hədələyib. Qonşuların səyi nəticəsində soyğunçular saxlanılaraq polisə təhvil veriliblər.
Nizami (Gəncə) RPİ-nin əməkdaşları tərəfindən aparılmış araşdırma nəticəsində evə basqın edən şəxslərin Goranboy rayon sakini, 21 yaşlı Elxan Yaqubov və Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş 27 yaşlı Adil Nuriyev olması müəyyən edilib. Onlardan tapançaya bənzər alışqan, 3 ədəd bıçaq, 1 ədəd ambur, 2 cüt əlcək, kəndir, habelə evdən oğurladıqları 1 ədəd mobil telefon və 1 ədəd gümüş üzük götürülüb.
Aparılan əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakinləri - 32 yaşlı Şaiq Hacıyev və 36 yaşlı Aytən Allahverdiyevanın da soyğunçuluq hadisəsində iştirak etdikləri məlum olub.
Faktla bağlı araşdırma aparılır.