Məhəbbət Vəliyeva valideynlərə müraciət etdi
"Bakıda I sinfə qəbulla bağlı elektron sistemdə 35 minə yaxın sorğu yerləşdirilib". APA TV-nin xəbərinə görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.
Onun sözlərinə görə, hazırda valideynlər ərizələri çap edərək məktəblərə təqdim edirlər: "Əvvəlki illərdən fərqli olaraq, sənəd təqdim etmə mərhələsində uşaqların məktəbə getməyinə ehtiyac yoxdur. Çünki müsahibə mərhələsi iki ildir ləğv olunub".
Prosesin fevralın 22-dən sentyabrın 15-nə kimi davam edəcəyini xatırladan Məhəbbət Vəliyeva deyib ki, valideynlərin I sinfə qəbulla bağlı əsas şikayətlərinin əsasən, ərazidəki məktəbdə yerlərin dolması, istədikləri müəllimin sinfində yerin olmaması ilə bağlıdır: "Valideynlər yaşamadıqları ərazidəki məktəbə də uşaqlarını qoymaq istəyirlər. Valideynlərə müraciət edərək bildirirəm ki, övladlarını yaşadıqları ərazidəki məktəblərə yerləşdirsinlər. İdarənin tabeliyində I sinfə qəbulu həyata keçirən 300 məktəbdən 31-də sıxlıq müşahidə olunur. Sıxlıq o məktəblərdə müşahidə olunur ki, orada ərizələrin sayı məktəbin yer sayından artıqdır".
Xatırladaq ki, Bakıda fevralın 22-dən I sinfə qəbul başlayıb. Gəncə, Sumqayıt və Abşeronda isə I sinfə elektron qəbul martın 12-dən başlayacaq.
Qeyd edək ki, bu gün Bakı şəhəri şəhid Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. “Bir əsrin xatirəsi” adlı tədbir məktəbin həyətində şəhid Etibar Əliyevin barelyefinin açılışı ilə başlayıb. Məhəbbət Vəliyeva Cümhuriyyətimizin yaşıdı olan təhsil müəssisəsinin kifayət qədər zəngin inkişaf yolu keçdiyini bildirib. İdarə müdiri qeyd edib ki, paytaxtın təhsil həyatında özünəməxsus ənənələri ilə fərqlənən məktəbin tədris nailiyyətləri son illərdə xüsusilə yaxşılaşıb, məzunların ali məktəblərə qəbul göstəriciləri xeyli yüksəlib.