6 saylı məktəbdə Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib
Bakıdakı 6 saylı orta məktəbdə 1 mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib.
APA TV-nin xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsi və İctimaiyyətlə əlaqə idarəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə məktəbin müəllim və şagirdləri, BMT-nin Azərbaycan üzrə nümayəndəliyinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, Gənclər və İdman Nazirliyinin və FHN-in əməkdaşları iştirak ediblər.
İlk olaraq iştirakçılar “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsindən seçilmiş əl işlərindən ibarət sərgi ilə tanış olublar. Daha sonra FHN tərəfindən hazırlanmış “Təhlükəsiz həyat” adlı videoçarx nümayiş olunub. Toplantını giriş sözü ilə açan məktəbin direktoru Gülşən Orucova 1 mart – Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı məlumat verib və belə bir tədbirin 6 nömrəli məktəbdə təşkilinə görə Fövqəladə Hallar Naizirliyinə təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov nəzərə çatdırıb ki, Ümumdünya Mülki Müdafiə Gününün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin diqqətinin mülki müdafiə işinin təşkili məsələlərinə cəlb etmək olub.
BMT-nin Azərbaycan üzrə nümayəndəliyinin rezident əlaqələndiricisinin vəzifəsini icra edən və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkə üzrə nümayəndə-ofisinin rəhbəri Furyo D.Angels Azərbaycanda aidiyyəti qurumların, o cümlədən Fövqəladə Hallar Nazirliyinin BMT-nin mülki əhalinin təhlükəsizliyinin qorunması proseslərində də yaxından iştirak etdiyini diqqətə çatdırıb.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidentinin müşaviri Elşən Səlimzadə təmsil etdiyi təşkilatın təhsil müəssisələrində, ali təhsil ocaqlarında mülki müdafiə və əhalinin təhlükəsizliyinin təminatı kimi vacib məsələlərlə bağlı maarifləndirmə işləri gördüyünü vurğulayıb.
Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əli Məmmədov Fövqəladə Hallar Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində uşaqların, gənclərin fövqəladə hallara hazır olmalarına köməklik məqsədilə birgə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Sonda 6 nömrəli orta məktəbinin şagirdlərinin hazırladığı zəlzələ zamanı davranış qaydalarına dair səhnəcik nümayiş olunub, şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, 1 mart – Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin təşkilatçılığı ilə fevralın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs, fevralın 28-də isə Azərbaycan Tibb Universitetində maarifləndirmə tədbiri keçirilib.