Bakıda gilavar əsəcək - METEOHƏSSAS İNSANLARA XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında martın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal küləyi əsəcək, gündüz arabir güclənən cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-4, gündüz 7-12, Bakıda gecə 2-4, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında martın 3-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza görə, martın 3-4-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Martın 3-5-də bəzi rayonlarda qərb küləyinin əsəcəyi, ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir. Martın 5-də hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var.