Səlim Müslümov Siyəzəndə vətəndaşları qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Siyəzəndə həmin rayonun və Şabran, Quba, Qusar, Xaçmaz rayonlarının sakinləri ilə görüşüb.

 

APA TV-nin şimal bürosunun xəbərinə görə, vətəndaşlar məşğulluğun təmin edilməsi, kiçik ailə təsərrüfatının yaradılması üçün özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilmə, peşə hazırlığı kurslarına cəlb olunma, tibbi-sosial reabilitasiya, imtiyazlı şəxslərin mənzillə təminatı, əmək hüquqlarının müdafiəsi, sosial xidmətlərin göstərilməsi, bu və ya digər sosial təminat növünə hüququn müəyyən edilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.

 

Müraciətlər nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb. Ayrı-ayrı şəxslərin müraciətlərinə əsasən reabilitasiya vasitələri və sosial xidmətlərlə təmin edilmələri barədə tapşırıqlar verilib.

 

Qəbul zamanı işlə təmin olunmaq üçün müraciət edən vətəndaşlar yaşadıqları ərazilərdə olan vakansiyalarla tanış edilib və həmin vakansiyalar üzrə onlara seçimlərinə, əmək bacarıqlarına uyğun iş yerlərinə göndərişlər verilib. Ayrı-ayrı vətəndaşlar peşə hazırlığına, özünüməşğulluq proqramına cəlb edilmək üçün qeydiyyata götürülüblər.

 

Nazirliyin məşğulluq orqanları tərəfindən Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında aktiv məşğulluq tədbirlərinin davam etdirildiyini bildirən S.Müslümov bu tədbirlərin davamı kimi ötən il bu rayonlarda məşğulluq orqanlarının xətti ilə əlavə olaraq 2154 nəfər işsiz və işaxtaran şəxsin münasib iş yerləri ilə təmin olunduğunu, 85 nəfər üçün peşə hazırlığı kurslarının təşkil edildiyini diqqətə çatdırıb. Nazir Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı proqramı çərçivəsində son iki ildə Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında ümumilikdə 30 ədəd fərdi yaşayış evinin bu təbəqələrdən olan insanların istifadəsinə verildiyini diqqətə çatdırıb.

 

Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan müraciətlərdə əksini tapan məsələlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova