Azərbaycanda ən yaşlı seçicinin 124 yaşı var
Dəqiqləşdirilmiş vahid seçici siyahısına əsasən, xaricdəki seçicilər də daxil olmaqla, Azərbaycanda 5 milyon 309 min 434 seçici var.
APA TV-nin məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov bildirib.
Seçicilərin 50,78 faizi qadın, 49,22 faizi kişidir. Azərbaycanda ən yaşlı qadın seçici 94 saylı Bərdə Seçki Dairəsinin 30 saylı məntəqəsinin seçicisi, 1894-cü il təvəllüdlü Allahverdiyeva Səmərqə Gülməmməd qızıdır. Ən yaşlı kişi seçici isə 66 saylı Biləsuvar Seçki Dairəsinin 23 saylı məntəqəsinin seçicisi, 1900-cü il təvəllüdlü Qurbanov Səftər Həsəm oğludur.
MSK sədri Məzahir Pənahov bildirib ki, xaricdə və müvəqqəti yaradılan seçki məntəqələri də daxil olmaqla, prezident seçkiləri ilə əlaqədar 5641 seçki məntəqəsi fəaliyyət göstərəcək.
MSK katibi Arifə Muxtarova isə deyib ki, Seçki Məcəlləsinə əsasən seçicilərin sayından 3 faiz artıq - 5 milyon 347 min 803 ədəd bildiriş çap olunacaq.
MSK-nın iclasında prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənmiş Tural Abbaslının səlahiyyətli nümayəndələri qeydə alınıb, bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.