Burkina-Fasoda Fransa səfirliyinə və Ordu Qərargahına hücum edilib - ÖLƏNLƏR VAR
Burkina-Fasonun paytaxtı Uaqaduqu şəhərində Fransa səfirliyinin binasına hücum olub. APA TV-nin “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə səfirlik “Facebook” şəbəkəsində açıqlama yayıb.
Açıqlamada səfirliyin binasına və Fransa Mədəniyyət Mərkəzinə hücum gerçəkləşdirildiyi bildirilib və gizlənən vətəndaşlara yerlərində qalmaq tövsiyə edilib. Yerli polisin verdiyi açıqlamaya görə, Burkina-Faso ordu qərargahına da maskalı silahlı şəxslər tərəfindən hücum edilib.
Ölkənin Silahlı Qüvvələri Baş Qərargahı və Fransa səfirliyinin binasına edilən hücum nəticəsində 28 nəfərin öldüyü barədə xəbər yayılıb. Fransanın Burkina-Fasodakı səfiri Jil Tibo hadisəni terror aktı adlandırıb.
Ancaq Burkina-Fasonun İnformasiya naziri Remi Cincinu paytaxt Uaqaduquda baş verən silahlı qarşıdurma zamanı 28 nəfərin ölməsi ilə bağlı məlumatı təkzib edib.
“Hadisə nəticəsində 15 nəfər ölüb. Belə ki, Fransa səfirliyi və Silahlı Qüvvələrin Baş Qərargahı binasının qarşısında baş verən qarşıdurmada 8 silahlı məhv edilib, 7 hərbçi və təhlükəsizlik qüvvələrinin əməkdaşı həlak olub”, - deyə nazir bildirib.